Şəkidə 12 komanda intellektual bilik yarışında mübarizə aparıb
Şəki, 12 avqust, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) Şəki Şəhər Komitəsinin dəstəyi, Təhsil Oyunları Platformasının təşkilatçılığı ilə intellektual bilik yarışı keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə ETİHİ-nin Şəki Şəhər Komitəsindən məlumat verilib.
Bilik yarışı Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan yarışda təhsil işçilərindən, eləcə də müxtəlif dövlət və özəl qurumlarda çalışan gənclərdən ibarət komandalar iştirak ediblər. Məqsəd təhsil işçilərinin və gənclərin intellektual dünyagörüşünün inkişaf etdirilməsi, müxtəlif dövlət və özəl qurumlarda çalışan gənclər arasında sosial əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərilməsidir.
12 komandanın mübarizə apardığı yarışın nəticələrinə əsasən, müəllimlərdən ibarət “Maestro” komandası I yerə, Şəki şəhər 8 nömrəli tam orta məktəbin müəllim və şagirdlərindən ibarət “Ares” komandası II yerə, Şəki şəhər 18 nömrəli tam orta məktəbin “Çələbi Xan” komandası isə III yerə layiq görülüb.
Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.
Müxbir - Rasim İslamoğlu