Şəkidə “Müstəqilliyimizin şanlı tarixi” adlı konsert olub
Şəki, 25 may, AZƏRTAC
Mayın 25-də Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki Dövlət Dram Teatrının dəstəyi ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimizin şanlı tarixi” adlı konsert olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Konsertin əvvəlində 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsini icra edən Aynurə Soltanova və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova çıxış edərək, 28 May – Müstəqillik Gününün əhəmiyyətindən, gənc nəslin milli ruhda tərbiyəsinin vacibliyindən və bu cür birgə layihələrin mədəni mühitin inkişafına verdiyi töhfələrdən söz açıblar.
Şəki Dövlət Dram Teatrında keçirilən konsertdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera və xalq çalğı alətləri orkestrləri, fortepiano, orkestr, xoreoqrafiya şöbələrinin şagirdləri, həmçinin 2 nömrəli Uşaq Musiqi Məktəbinin uşaq xor kollektivi çıxış ediblər. Eyni zamanda, hər iki orkestrin tərkibində Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri də yer alaraq, vahid orkestr heyəti kimi səhnəyə çıxıblar.
Konsertdə təqdim edilən musiqi nömrələri və rəqs kompozisiyaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb, milli musiqi irsi ilə müasir ifaçılıq ənənələrinin vəhdəti nümayiş olunub.
Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva çıxışında bu kimi tədbirlərin milli musiqi irsinin qorunması, gənc ifaçıların vətənpərvərlik ruhunda formalaşması və Azərbaycan musiqisinə bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Müxbir – Mustafa Dadaşov