Şəkidə nöqsanlar aşkarlanan şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb




Bakı, 29 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhəri, M.Hacıyev küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən şirniyyat sexində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb.
Müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, istehsalda istifadə olunan xammal və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminin gözlənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.
Müayinələrin aparılması məqsədilə məhsullardan və mətbəxdə istifadə olunan ləvazimatlardan yaxma nümunələri götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Araşdırmalar davam etdirilir.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, şirniyyat sexinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.