Şəkidə region gənclərinin istedadı və əl işləri nümayiş etdirilib VİDEO
Şəki, 12 avqust, AZƏRTAC
Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar tarix 1998-ci ildən etibarən hər il gənclərə diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində iştirakına təkan vermək məqsədilə Azərbaycanda da geniş qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar açır.
Azərbaycanın bütün bölgələrində, eləcə də tarix və mədəniyyət mərkəzlərindən olan Şəkidə də dövlət gənclər siyasəti uğurla icra olunur. M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Narınqala” Folklor Evinin təşkilatçılığı ilə baş tutan “Yaradıcı gənclər festivalı”nda onlarla yeniyetmə və gəncin, şəhər sakinlərinin və qonaqların iştirakı buna əyani sübutdur.
Folklor Evinin bədii rəhbəri Günay Məmmədova tədbirin mahiyyəti barədə məlumat verərkən bildirib ki, il ərzində bu qəbildən bir neçə tədbir təşkil olunur və onların hər birində müxtəlif sahələr üzrə onlarla yaradıcı gəncin istedadı aşkarlanır. Bədii rəhbər festivalın gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, artırılması və onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulayıb. O da diqqətə çatdırılıb ki, bu gün Azərbaycanın yaradıcı gəncləri ölkəmizi həm daxildə, həm də xaricdə layiqincə təmsil edirlər. Buna görə də regionlarda yeni yaradıcı gənclərin aşkarlanması və tanıdılması vacibdir.
Şəkidə sənətkarlığa və tarixi irsə hər zaman diqqətlə yanaşılır. Ona görə də burada bir çox sənət növünə dair nümunələrə rast gəlmək mümkündür. İxtisasca rəssam olan Aynurə Yusifova qədim sənət növlərini yaşatmaqla yanaşı, həm də yaradıcı gənclərin işgüzar klubunu təşkil edib. Onun təsis etdiyi “Toxucu klubu”nda 12 gənc toxuculuğun müxtəlif növləri üzrə əl işlərini sərgiləyir. Klubun təsisçisi bildirib ki, “Yaradıcı gənclər festivalı” komanda üzvləri üçün mühüm bir fürsətdir. Aynurə Yusifova tədbirin gənclər üçün əhəmiyyətindən danışaraq, dövlətin bu sahəyə daim diqqət ayırdığını da vurğulayıb.
Festivalı maraqla izləyənlər arasında yerli sakinlərlə yanaşı, bir çox xarici ölkədən, eləcə də dost və qardaş Şimali Kipr Türk Respublikasından gələn qonaqlar da olub. Jurnalist Sərdar Şəngün AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində festivalın keçirildiyini təsadüfən eşitdiyini və tədbirdə iştirak etmək qərarına gəldiyini bildirib. O, gənclərin əl işlərini maraqla izlədiyini, onlara heyran qaldığını və bu gənclərin arasından gələcəyin məşhur sənətkarlarının yetişəcəyinə əminliyini ifadə edib.
Daha sonra yaradıcı gənclər rəssamlıq, tətbiqi sənət, bədii qiraət, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər.
Sonda festivalın bütün iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim olunub.
Müxbir - Rasim İslamoğlu