ŞƏKİDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ MƏHƏBBƏT VƏ EHTİRAM TÜKƏNMƏZDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dekabrın 12-də şəhər sakinləri, ayrı-ayrı kollektivlərin nümayəndələri axın-axın ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, böyük öndərə tükənməz məhəbbətlərinin ifadəsi olaraq onun büstünün önünə gül-çiçək dəstələri düzmüş, ruhu qarşısında baş əymişlər.
Daha sonra mərasim iştirakçıları parkda fəaliyyət göstərən Heydər Əliyev muzeyini ziyarət etmiş, ümummilli liderimizin zəngin həyat yolunun və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən sərgi və guşələrlə tanış olmuşlar. Muzeyin ekspozisiyasında nümayiş etdirilən eksponatlar arasında ulu öndərin 2002-ci il noyabrın 8-9-da Şəkiyə səfəri zamanı Olimpiya İdman Kompleksinin açılış mərasimini, habelə şəhər sakinləri ilə keçirdiyi görüşləri əks etdirən fotoşəkillər unudulmaz anları bir daha xatirələrdə canlandırır.
Anım günü ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının akt salonunda şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilmişdir.
Mərasimi giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə və doğma Vətəninin qüdrətlənməsinə həsr edən dahi şəxsiyyətin əvəzsiz tarixi xidmətlərindən danışmış, üç ildir ki, Tanrı dərgahına qovuşmuş ulu öndərimizin əziz və nurlu xatirəsinin daim qəlblərdə yaşayacağını, onun ideya-nəzəri irsinin xalqımızın yoluna daim işıq saçacağını xüsusi vurğulamışdır.
Mərasimdə şəhər bələdiyyəsinin sədri Gülnaz Salamova, təhsil şöbəsinin müdiri Firədun İbrahimov və başqaları çıxış edərək, ulu öndərin çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunmuş, onun Azərbaycanda yerli özünüidarə orqanlarının formalaşması, təhsil, səhiyyə, mədəniyyət, hüquq sistemi və ordu quruculuğunun inkişaf etdirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən danışmış, Heydər Əliyev dühasının dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə, respublikamızın iqtisadi tərəqqisinə və Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə gətirib çıxarmış siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.