REGİONLAR
ŞƏKİDƏ YENİ MEYVƏ VƏ ÜZÜM BAĞLARI SALINMIŞDIR
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, müvafiq Dövlət Proqramına uyğun olaraq, rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılan meyvəçiliyin və üzümçülüyün inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. 2007-ci ildə rayonda 29 hektar sahədə yeni meyvə bağları salınmış, 167 hektar köhnə bağda isə bərpa işləri aparılmışdır. Görülmüş tədbirlər nəticəsində ötən il meyvə istehsalı artaraq, 12 min tona çatmışdır. Hazırda Şəki meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsal müəssisəsi tərəfindən 4 hektar, fiziki şəxslər tərəfindən isə 5,9 hektar sahədə yerli iqlim şəraitinə uyğunlaşdırılmış yüksək məhsuldar meyvə tingləri yetişdirilir.
Ötən il rayonda üzümçülüyün də inkişafı ilə bağlı xeyli iş görülmüşdür. 11 hektar sahədə yeni üzüm bağları salınmış, 128 hektar köhnə üzümlükdə təmir-bərpa işləri aparılmışdır. Ötən il rayonda 3.287 ton üzüm yığılmışdır.
Hazırda rayonun Şəki kəndindəki üzüm emalı zavodunun yenidən qurulması davam etdirilir.