SİYASƏT
Səməd Seyidov: Azərbaycan-Rusiya münasibətləri tamamilə yeni mərhələyə yüksəlib VİDEO
Moskva, 29 may, AZƏRTAC
Azərbaycan-Rusiya münasibətləri tamamilə yeni mərhələyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Moskvada keçirilən Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbulda deyib.
“Çox çətin, mürəkkəb, qanlı və problemli bir dövrdə biz əlaqələrimizi qoruyub saxlaya, onları inkişaf etdirə bildik. Biz bu gün dünyaya qonşu ölkələr arasında münasibətlərin nümunəvi formatını təqdim etmək iqtidarındayıq. Azərbaycan Rusiya ilə strateji münasibətlərə malikdir”, - deyə Səməd Seyidov bildirib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ildə ölkəmizə səfərindən sonra Azərbaycan-Rusiya münasibətləri tamamilə yeni bir mərhələyə keçib. “Bu gün bütün sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrimiz yüksəlir. Azərbaycan parlamentinin Beynəlxalq əlaqələr komitəsi Rusiya Federasiyasının dəvəti ilə Moskvada çox yüksək səviyyədə görüşlər keçirdi. Rusiya Federal Məclisi Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin, Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski ilə səmərəli danışıqlarımız oldu”, - deyə deputat qeyd edib.
S.Seyidov, həmçinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MDBƏİ) tələbə-müəllim heyəti ilə görüşlərindən də danışıb və orada təhsil alan azərbaycanlı tələbələrlə maraqlı dialoq apardıqlarını vurğulayıb.
Azərbaycan-Rusiya əlaqələrinin bütün sahələrdə genişləndiyini diqqətə çatdıran deputat sonda əlavə edib: “Bizi ayırmaq, fürsətdən istifadə edərək üçüncü ölkə kimi regiona müdaxilə etmək istəyən qüvvələr iflasa uğrayıb. İndi bizim yolumuz regionda sülhü, tərəqqini, qonşuluq əlaqələrini ən yüksək səviyyədə təmin etməkdir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva