Şəmkirdə Aprel şəhidlərinin xatirəsi böyük izdihamla anılıb
Şəmkir, 9 aprel, Famil Quliyev, AZƏRTAC
2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Altun Dəmirlinin əziz xatirəsi doğulub boya-başa çatdığı Şəmkir rayonunun Düyərli kəndində anılıb.
Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatı Sona Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, YAP Şəmkir rayon təşkilatının fəalları və gənclər, Qarabağ qaziləri və rayon ziyalıları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Altun Dəmirlinin qısa və mənalı ömür yolundan söhbət açıb.
Çıxışlarda qeyd olunub ki, Dəmirli Altun Fərman oğlu 1997-ci il sentyabrın 1-də Şəmkirin Düyərli kəndində anadan olub. Məktəb illərində idmana marağı ilə seçilib. Altun idmanın sərbəst güləş növü ilə məşğul olub. O, yaşının az olmasına baxmayaraq, güləş üzrə rayonlararası yarışlarda 20 medal, 4 diplom və çoxsaylı fəxri fərman qazanıb.
Altunun, həmçinin yaradıcılıq qabiliyyəti də var idi. Evlərində onun quraşdırdığı maketlər, əl işləri, çəkdiyi rəsmlər var. Ondan yadigar qalanlar da elə bu əl işləri və bir də xoş xatirələrdir.
Tədbirdə şəhidin döyüş yoluna da nəzər salınıb, onun igid, cəsur bir əsgər olduğu qeyd olunub. Diqqətə çatdırılıb ki, Dəmirli Altun Fərman oğlu ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
Sonra şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
X X X
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Aprel döyüşlərində canından keçən qəhrəman oğullardan biri də Vüsal Alıyevdir. Şəmkir rayonunun Kür qəsəbəsində şəhidin anım mərasimi olub.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Vüsal kimi igid oğullarımızla hər kəsin fəxr etməli olduğunu bildirib. “Xalqımız Vüqar kimi oğulları heç vaxt unutmayacaq. Bu insanların ruhu o vaxt şad olacaq ki, biz hamılıqla azad edilmiş Qarabağ torpaqlarında tikinti-quruculuq işləri aparacağıq. Bu gün biz bura ağlayıb-sızlamaq üçün deyil, Vüsalın ruhunu şad etmək üçün yığışmışıq. Başımızı dik tutaq, çünki bu millət basılmaz. Çünki bizim belə mərd və qəhrəman oğullarımız var, hər zaman da var olacaqlar”, - deyə A.Məmmədov bildirib.
Xatırladaq ki, Vüsal Alıyev ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.