Şəmkirdə “Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətliliyinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilmişdir
Bakı, 22 may (AZƏRTAC). Mayın 22-də Şəmkirdə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətliliyinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə müvafiq dövlət qurumlarının, Gəncə-Qazax regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlar iştirak etmişlər.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının beynəlxalq standartlara uyğun təşkilinin və qabaqcıl təcrübənin tətbiq olunmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, aqrar sektorda düşünülmüş strategiyanın reallaşdırılması, müasir texnika və texnologiyaların tətbiqi əsasında intensiv metodlardan geniş istifadənin stimullaşdırılması və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi bu sahənin rəqabətqabiliyyətliliyinin artırılmasına, məhsul istehsalının genişləndirilməsinə imkan yaradır. Hazırda ölkəmiz bir çox kənd təsərrüfatı və əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin edə bilir.
Nazirliyin nümayəndələri kənd təsərrüfatı məhsullarının istehsalında rəqabətqabiliyyətliliyin artırılması, yerli məhsulların potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları, elmi-tədqiqatların nəticələrindən istifadə etməklə innovasiyalı sahibkarlığın inkişafı və Gəncə-Qazax iqtisadi rayonunun potensialı barədə məlumat vermiş, kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs etmişlər.