Sergey Karyakin: Vüqarla peşəkar şahmatçılar üçün çox nadir olan əsl dostluq münasibətlərim vardı
Bakı, 2 may, AZƏRTAC
Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2018” beynəlxalq turnirində iştirak etmək üçün Azərbaycana gəlmiş blits və rapid üzrə dünya çempionu, rusiyalı qrossmeyster Sergey Karyakin və onun məşqçisi Denis Xismatullin mərhum şahmatçının məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şahmatçılar ikinci Fəxri xiyabana gələrək, görkəmli şahmat ustası Vüqar Həşimovun xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər güllər qoyub, onunla bağlı xatirələrini bölüşüblər.
Sonra qrossmeysterlər Sergey Karyakin və Denis Xismatullin Vüqar Həşimov Şahmat Akademiyasına gedərək orada yaradılan şəraitlə tanış olublar.
Sergey Karyakin deyib: “Mən Şəmkirə Vüqar Həşimovun xatirəsini yad etmək üçün getmişdim. Onunla peşəkar şahmatçılar üçün çox nadir olan əsl dostluq münasibətlərim vardı. Ona görə mən bu turnirə xüsusi həyəcanla yanaşıram”.
İddiaçıların Berlin turnirində bir çox qrossmeysterin qalmaq üçün pis şəraitdən şikayət etdiyini, hətta özünün başqa otelə köçməyə məcbur olduğunu xatırlayan Sergey Karyakin deyib: “Azərbaycanda Şahmat Olimpiadası, Dünya Kuboku və Qran-Pri mərhələsi çox gözəl keçdi. Bunlar, zənnimcə, mənim gördüyüm ən yaxşı təşkil olunmuş yarışlardır. Ona görə da “Shamkir Chess 2018” ilə iddiaçıların Berlin turnirini müqayisə etmək mümkün deyil. Bunlar yerlə göy qədər fərqlidir”.
Vüqar Həşimovun xatirəsinə həsr edilmiş ümumilikdə beş turnirdə norveçli Maqnus Karlsenin hesabında üç (2014, 2015, 2018) və azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun hesabında iki qələbə (2016, 2017) var.
Dünya kubokunun sahibi Sergey Karyakin diqqətə çatdırıb ki, onun məqsədi 2018-ci ili FIDE-nin reytinq cədvəlində ikinci-üçüncü yerdə başa vurmaqdır. O, bunun üçün bütün turnirləri ən yüksək səviyyədə keçirməlidir.
Xatırladaq ki, Vüqar Həşimov Akademiyası 300-dək şahmatçını qəbul edə bilir. Akademiyanın binası iki böyük oyun zalından və dörd tədris otağından ibarətdir. Burada qədim oyunun sirlərini öyrənmək üçün hər cür şərait yaradılıb. Məşğələlər Azərbaycan, rus və ingilis dillərində keçirilir.
Sonda Sergey Karyakin və Denis Xismatullin akademiyanın şagirdləri ilə xatirə şəkli çəkdiriblər.