SERGEY LEBEDEV: “İLHAM ƏLİYEV AZƏRBAYCANDA VƏ MDB-DƏ NÜFUZA MALİK LAYİQLİ NAMİZƏDDİR”
“İlham Heydər oğlu Əliyevin Azərbaycan əhalisi arasında necə böyük nüfuzu və hörməti olduğunu bilirəm. Onun təkcə öz ölkəsində deyil, həm də bütün MDB məkanında böyük nüfuzu vardır. Hesab edirəm ki, o, prezidentliyə layiqli namizəddir, ancaq bu məsələni həll etmək və düzgün seçim etmək xalqın öhdəsindədir”. Bunu MDB-nin İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, MDB-nin müşahidəçi missiyası bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Azərbaycana gəlməyə hazırlaşır.
“Azərbaycanın MDB-də rolu və fəallığı bizi sevindirir”, - deyən S.Lebedev əlavə etmişdir ki, bu yaxınlarda respublikanın Baş naziri Artur Rasizadə ilə MDB hökumət başçılarının Minskdə keçirilən iclasında səmərəli görüşü olmuşdur. O bildirmişdir ki, indi iyunun 6-da Sankt-Peterburqda keçiriləcək Beynəlxalq iqtisadi foruma hazırlıq gedir, orada MDB dövlət başçılarının görüşü də keçiriləcəkdir. MDB-nin icraçı katibi demişdir: “Prezident İlham Əliyev iclasa gələcəyini təsdiq etmişdir. Ümidvarıq ki, Sankt-Peterburq görüşü əməkdaşlığımızın və sıx qarşılıqlı əlaqələrimizin möhkəmlənməsində növbəti mühüm mərhələ olacaqdır”.
Sergey Lebedev bu yaxınlarda Azərbaycana səfərindən, Prezident İlham Əliyevlə, Baş nazir Artur Rasizadə ilə, Mərkəzi Seçki Komissiyasında apardığı ətraflı danışıqlardan razılığını bildirmişdir. O demişdir: “Məmnuniyyətlə demək istəyirəm ki, əvvəla, həmsöhbətlərimizin hamısı Rusiya ilə münasibətlərin qorunub saxlanması və möhkəmləndirilməsinin, ikincisi, Birlik çərçivəsində münasibətlərin təkcə qorunub saxlanmasının deyil, həm də inkişaf etdirilməsinin vacibliyini vurğuladılar. Prezident İlham Əliyev təsdiq etdi ki, MDB bizə lazımdır və bildirdi ki, bu, məntiqi zəruriyyətdir, çünki bizi yüzilliklər boyu davam etmiş birgə mədəniyyət, qohumluq əlaqələri birləşdirir”.
Sergey Lebedev qarşılıqlı münasibətlərin konkret sahələrinə toxunaraq bildirmişdir ki, hazırda əsas məsələ MDB çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsidir. O demişdir: “Bizə xoşdur ki, İlham Əliyev MDB bankirlərinin forumunun Azərbaycanda keçirilməsi ideyasını dəstəkləmişdir. Ümidvarıq ki, bu forum prezident seçkilərindən sonra, oktyabrın axırı-noyabrın əvvəllərində Bakıda keçiriləcəkdir. Azərbaycan bankirləri MDB məkanında kifayət qədər fəal işləyirlər və sevindirici haldır ki, onlar da inteqrasiyaya tərəfdardırlar”.