“Sərhədlərin fövqündə” sənədli filminin təqdimatı olub
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) ucqar kənddə çalışan gəncdən bəhs edən “Sərhədlərin fövqündə” sənədli filminin təqdimatı keçirilib. Gənclər Fondunun və Quba rayon təhsil şöbəsinin dəstəyi ilə ərsəyə gələn sənədli filmdə Qubanın V.Məmmədsalahov adına Cimi kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışan Ağaəmi İslamovun Bakıdan gedərək ucqar kənddə çalışması, kənd həyatı, müəllimlik fəaliyyətində gördüyü işlər, qarşılaşdığı çətinliklər, buna baxmayaraq verdiyi qərarlar və digər məqamlardan bəhs olunur. Film Qubanın Cimi kəndi və kənd orta məktəbində lentə alınıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev, ikinci rejissoru Orxan Kərimlidir.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən layihə rəhbəri Xədicə Əliyeva layihənin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirildiyini söyləyib. O, filmin lentə alınmasının məqsədi və çəkiliş prosesi haqqında məlumat verib. Layihə rəhbəri sənədli filmin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Rejissor Məzahir Həşimov, “Gənclərin töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Ağcabədi rayonu Laçın obaları Mişni kənd tam orta məktəbin müəllimi Gülnar İsmayıl layihəni yüksək qiymətləndirib, film haqqında fikirlərini bildirib, tələbələri ucqar kənd məktəblərində işləməyə çağırıblar.