ŞƏRQ VƏ QƏRB KİNOSUNUN YOLLARINI KƏSİŞDİRƏN FESTİVAL AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Şərq-Qərb” X Beynəlxalq Bakı kinofestivalının təntənəli açılış mərasimi olmuşdur. Teatrlaşdırılmış mərasim kinofestivalın keçdiyi yolun tarixindən söhbət açan qısa videoklipin nümayişi ilə başlanmışdır. “Şərq çırağı” uşaq yaradıcılıq mərkəzinin yetirmələri qonaqları salamlayaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi səhnəyə dəvət etmişlər.
Nazir vurğulamışdır ki, “Şərq-Qərb” festivalı müntəzəm keçirilir, halbuki bir neçə il əvvəl festivalın onuncu dəfə açılacağını ehtimal etmək çətin idi. Təbii ki, bu daimiliyin əsasında kinoya əsl vurğunluq durur və bir daha sübut edir ki, kino sənəti Azərbaycanda inkişaf etdirilir. Bu hal eyni zamanda həm Şərqin, həm də Qərbin Azərbaycan kinosuna hörmətlə yanaşdığını təsdiq edir.
Tədbir iştirakçılarını gələn il keçiriləcək XI festivala dəvət edən Əbülfəs Qarayev vurğulamışdır ki, 2009-cu ildə Bakı İslam dünyasının mədəni paytaxtı elan ediləcək, şəhərimizdə Azərbaycanda təşəkkül tapmış yaradıcılıq ənənələrini birləşdirən tədbirlər keçiriləcəkdir. O demişdir: “Bu, sivilizasiyaların, mədəniyyətlərin dialoqudur. Bu, Avropa, eləcə də İslam mədəniyyətləri ilə çoxsaylı faydalı əlaqələr deməkdir. Zənnimcə, kinofestivalın adı çox düzgün seçilmişdir - “Şərq-Qərb”. Festival Azərbaycanın paytaxtında ilin ən yaddaqalan hadisələrindən biri olmalıdır”. Nazir vurğulamışdır ki, ilin hansı vaxtında təşkil ediləcəyindən asılı olmayaraq, növbəti festival təmirdən çıxmış Heydər Əliyev adına Sarayda keçiriləcəkdir.
Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin kinofestival iştirakçılarına təbrikini oxumuşdur. (Təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunub).
Festivalın qonağı, kinodramaturq, “Nika” kinematoqrafiya mükafatının yaradıcısı və rəhbəri Yuli Qusman bildirmişdir ki, bütövlükdə festival müasir, dünyanın çoxşaxəli reallığını əks etdirən tədbir olacaqdır. O, uzun və çətin yol keçdiyi üçün “Nika” mükafatına layiq görülür. Y.Qusman qızıl heykəlciyi “Şərq-Qərb” festivalının prezidenti, xalq artisti, kinodramaturq Rüstəm İbrahimbəyova təqdim etmişdir.
Rüstəm İbrahimbəyov festivalı açıq elan etmişdir.
![]() |
![]() |
![]() |


