Səttar Möhbalıyev: Həssas əhali qrupuna aid ailələr daim həmkarlar ittifaqlarının diqqətindədir
Bakı, 6 noyabr, AZƏRTAC
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələr daim həmkarlar ittifaqlarının diqqətindədir. Bayramlarda, həmçinin dövlətimiz üçün əlamətdar olan digər günlərdə həmin ailələrə yardımlar göstəririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.
“Bundan başqa, həmkarlar ittifaqları da şəhid ailələrinə hər zaman dəstək olur. Şəhid ailələri və qazilər, həmçinin dövlətimizin hərtərəfli himayəsi ilə əhatə olunur”, - deyə S.Möhbalıyev əlavə edib ki, hazırda 353 şəhid övladı AHİK-in himayəsindədir, 18 yaşına çatana qədər onlara maddi dəstək göstəriləcək. 2022-ci ildə və cari ilin ilk 6 ayı ərzində AHİK və üzv təşkilatları tərəfindən 2056 nəfər şəhid ailəsi üzvünə, qaziyə, müharibə veteranına pulsuz yollayış verilib.
“Dünyada şəhidlərinə, onların ailələrinə hərtərəfli Azərbaycan dövləti qədər ali dəyər verən, kömək göstərən ikinci ölkə yoxdur. Əlbəttə, dövlətimiz bu istiqamətdə bir nümunədir. Qəhrəman övladlarımızın ailələri evlərlə, mənzillərlə təmin olunurlar”, - deyə o qeyd edib.