İQTİSADİYYAT
Seulda Qarabağın investisiya potensialı təqdim olunub










Bakı, 26 noyabr, AZƏRTAC
Koreya Respublikasının paytaxtı Seul şəhərində “Azərbaycan - Cənubi Koreya Forumu” keçirilib. Tədbirdə idxalın təşviqi sahəsində fəaliyyət göstərən Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) üzv şirkətləri iştirak edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev sahibkarlığın stimullaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün görülən işlər, pandemiya dövründə kiçik və orta biznesə (KOB) dəstək mexanizmləri, maliyyə resurslarına sadələşdirilmiş çıxışın təmin olunması və digər tədbirlər nəticəsində qeyri-neft ixracında əldə olunmuş uğurları diqqətə çatdırıb. Qeyd edib ki, pandemiyanın təsirlərinə baxmayaraq, cari ilin ilk 10 ayı ərzində qeyri-neft sektoru 5,9 faiz, ixrac 37,7 faiz, qeyri-neft ixracı isə müstəqilliyimizin bərpasından indiyədək olan dövrdə ən yüksək həddə - 42 faiz artıb. Torpaqlarımızın işğaldan azad edilməsi ilə yaranan yeni reallıqları və innovativ təşəbbüslərin həyata keçirilməsi imkanlarını vurğulayan nazir müavini bu ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib, koreyalı investorları fəal əməkdaşlığa dəvət edib.
Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov diqqətə çatdırıb ki, “Made in Azerbaijan” brendi altında Azərbaycan məhsullarının Koreya və Asiya bazarlarına ixrac olunması üçün KOIMA ilə əməkdaşlıq əhəmiyyətlidir. Bu baxımdan, belə tədbirlərin təşkil edilməsi və biznes əlaqələrinin intensivləşdirilməsi zəruridir.
KOIMA-nın sədri Qvanq-hee Honq biznes və ixracın təşviqi sahəsində həyata keçirilən tədbirlərin işgüzar dairələr arasında tərəfdaşlıqda önəmini vurğulayıb, Koreya şirkətlərinə Azərbaycanın işgüzar şəraitindən yararlanaraq ölkəmizin biznes dairələri ilə əlaqələri genişləndirməyi tövsiyə edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda reallaşdırılan təşviq tədbirləri, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması və ölkəmizin ixrac potensiallı məhsulları barədə təqdimatla çıxış edib.
Tədbir çərçivəsində Azərbaycan məhsullarının sərgisi keçirilib.
Azərbaycan nümayəndə heyəti ilə KOIMA arasında keçirilən ikitərəfli görüşdə isə ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmin gün Seulda Ticarət və İnvestisiya Forumu keçirilib. Foruma sənayenin müxtəlif istiqamətlərində fəaliyyət göstərən şirkətlər qatılıb. Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu tədbirdə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov, KOTRA-nın icraçı vitse-prezidenti Tae-ho Kim və digər şəxslər iştirak edib.
Tədbirdə işğaldan azad olunmuş ərazilərimizin inkişafı, Qarabağ regionunda icra olunan infrastruktur layihələri, bərpa-quruculuq işləri, həmçinin bu ərazilərin investisiya potensialı və zəngin təbii ehtiyatları barədə məlumat verilib, Azərbaycanda sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, vergi güzəştləri, sektoral imkanlar barədə təqdimat nümayiş olunub.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə KOTRA arasında görüş keçirilib, investisiya və biznes əlaqələrinin genişləndirilməsi müzakirə edilib.