Şeyxülislam Allahşükür Paşazadə KAICIID Direktorlar Şurasının növbəti sessiyasında iştirak edib
Bakı, 21 fevral, AZƏRTAC
Portuqaliyanın paytaxtı Lissabonda KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 28-ci sessiyası keçirilib. 2017-ci ildən bəri müsəlman dini lideri kimi Şuranın üzvü olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə sessiyada iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyada İslam, Xristian, Yəhudi, Hinduist və Buddizm dinlərini təmsil edən Şura üzvləri əvvəlcə Mərkəzin yeni təyin olunmuş Baş katibi və onun müavini ilə tanışlıq görüşündə iştirak ediblər. Sonra Şura öz işini gündəliyə uyğun olaraq davam etdirib. QMİ sədrinin irəli sürdüyü təklifə əsasən, Şura sədrinin və sədr müavininin səlahiyyətləri cari ilin sonunadək yekdil səsvermə ilə uzadılıb.
Sessiyada çıxış edən şeyxülislam Allahşükür Paşazadə Mərkəzin ötən dövr ərzindəki fəaliyyətindən və Portuqaliyaya köçürüldükdən sonra qarşısında duran vəzifələrdən bəhs edib. Dünyada son dövrdə baş verən mühüm hadisələri, sülh, sabitlik və təhlükəsizliyi təhdid edən çağırışları təhlil edən QMİ sədri Cənubi Qafqaz regionunda, xüsusilə də ölkəmizdə, onun ətrafında baş verən hadisələrdən danışıb. Həmçinin Azərbaycanın Tehrandakı səfirliyinə edilən və səfirlik əməkdaşının ölümü ilə nəticələnən terror hücumunu pisləyib, Laçın dəhlizi ilə bağlı ölkəmizə qarşı səsləndirilən iddiaların yalan olduğunu vurğulayıb və əsl həqiqətləri iştirakçıların nəzərinə çatdırıb.
Qeyd edək ki, COVID-19 pandemiyasından, eləcə də KAICIID Qərargahının Vyanadan Lissabona köçürülməsindən sonra bu, KAICIID Direktorlar Şurasının Portuqaliyada keçirilən ilk toplantısıdır.