SİEMENS “AZƏRENERJİ” İLƏ ƏMƏKDAŞLIĞI QARŞILIQLI SURƏTDƏ FAYDALI SAYIR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin mühüm strateji obyekti olan Səngəçal terminalının ərazisində 110 kilovoltluq yardımçı stansiyanın tikintisi layihəsi birlikdə həyata keçirilir. “SİEMENS”in Türkiyədəki zavodlarından birində hazırlanmış transformator dəmir yolu vasitəsilə mənzil başına gətirilmişdir. İndi köməkçi avadanlıq quraşdırılır.
“SİEMENS” nümayəndəsinin sözlərinə görə, “Azərenerji” ASC respublikanın bir neçə dövlət müəssisəsindən biridir ki, onun fəaliyyətini qabaqcıl Avropa firmaları ilə müqayisə etmək olar.
Bu gün “Azərenerji”də çox böyük həcmdə işlər görülür. Bunu xarici ekspertlər də təsdiq edirlər. Daxili imkanlar hesabına yenidənqurma işləri aparılır, yeni qurğuların işə salınması layihələri gerçəkləşdirilir. Bir çox onilliklər ərzində sərmayə qoyulmayan köhnəlmiş sistemlər bərpa olunur və yeni avadanlıqla təchiz edilir.
Uğurla həyata keçirilən müştərək layihələr səmərəli əməkdaşlığın əyani timsalıdır. Bu layihələr arasında Almaniyanın KFVV bankının maliyyələşdirdiyi “Ötürücü sistemin bərpası proqramı”nın birinci mərhələsini göstərmək olar. Bu proqram çərçivəsində ölkənin 22 yüksəkgərginlikli yardımçı stansiyası yenidən qurulmuş, yaxın günlərdə istismara verilən “Ağcabədi” yardımçı stansiyası ilə birləşən 330 kilovoltluq Azərbaycan DRES–Goranboy elektrik xətti çəkilmiş, “AzDRES” yardımçı stansiyası genişləndirilmişdir. Bu layihə Mingəçevir enerji sisteminin bərpası proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilmişdir.
Bu yaxınlarda 330 kilovoltluq müasir “Ağcabədi” yardımçı stansiyasının tikintisi layihəsi başa çatdırılmışdır. Bu, “SİEMENS” şirkətinin Azərbaycanda dünya standartlarına müvafiq surətdə layihələşdirilib inşa etdiyi ilk yardımçı stansiyadır.
Şirkətin perspektiv planında “Azərenerji” ilə əməkdaşlığı inkişaf etdirmək və genişləndirmək nəzərdə tutulmuşdur. Almaniya tərəfi bir sıra layihələrə, o cümlədən Sumqayıtda buxar-qaz stansiyasının, Xaçmazda yardımçı stansiyanın tikintisi, dispetçer idarəetmə sisteminin yeniləşdirilməsi çərçivəsində “SKADA” sisteminin tətbiqi layihələrinə də maraq göstərir.