Sığortaçılar “İnvestisiya qaydaları”nı müzakirə ediblər
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə “Sığortaçıların investisiya qaydaları” layihəsinin müzakirəsi keçirilib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə “İnvestisiya qaydaları” layihəsi sığortaçıların geniş müzakirəsinə səbəb olub. Onlar mövzu ilə bağlı daha əvvəl keçirilmiş görüşdə irəli sürülən təkliflər barədə fikir mübadiləsi aparıb, həmçinin qəbul edilməyən təkliflərlə bağlı daha güclü əsaslandırma və arqument irəli sürməyin zəruriliyini qeyd ediblər.
Eyni zamanda, layihədə sığortaçılar üçün ziddiyyətli və mübahisəli hesab olunan hallar barədə müzakirələr aparılıb və bu kimi hallarla bağlı əlavə və düzəlişlər təklif edilib.
Görüşün yekununda mövzu ilə əlaqədar müvafiq orqanla görüş keçirilməsinin vacibliyi vurğulanıb və “Sığortaçıların investisiya qaydaları” layihəsinə dair irəli sürülən təkliflərin toplanaraq müvafiq orqana göndərilməsi qərara alınıb.