REGİONLAR
Şimal bölgəsindən keçən çaylarda suyun səviyyəsi artıb
Xaçmaz, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
Güclü yağış şimal rayonlarında bir sıra fəsadlar törədib, bölgədən keçən çaylarda suyun səviyyəsi artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, küləklə müşahidə olunan güclü yağış səbəbindən Quba və Xaçmaz rayonlarının bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranıb. Müvafiq qurumlar tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində enerjinin verilişi gecə saatlarında bərpa olunub.
Güclü yağış səbəbindən yaranan sel suları Xızı rayonunun Tıxlı kənd sakininə məxsus evin həyətyanı sahəsinə dolub, daş hasarı aşırıb. Bundan başqa, bir çox ərazidə ağaclar qırılaraq yolun hərəkət hissəsinə düşüb.
Yağışın yağması ilə əlaqədar şimal rayonlarından keçən çaylarda suyun səviyyəsi 20 santimetrədək artıb.