Şimal-qərb bölgəsinin məktəbliləri arasında şahmat turnirinin qalibləri müəyyənləşib
Şəki, 17 aprel, AZƏRTAC
Aprelin 17-də “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində şimal-qərb bölgəsinin ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional şahmat turniri keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Açılış mərasimində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək, bu cür layihələrin şagirdlərin intellektual inkişafı və məntiqi düşünmə bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva çıxışında şahmatın uşaqlarda düşüncə, diqqət və səbir kimi keyfiyyətləri inkişaf etdirdiyini bildirib, bu baxımdan turnirin əhəmiyyətini yüksək qiymətləndirib.
Yekun nəticələrə əsasən, Şəki rayonunu təmsil edən komanda turnirin qalibi adını qazanıb. Balakən və Zaqatala rayonlarının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Müxbir – Mustafa Dadaşov