Şimal rayonlarının məktəbliləri cənub bölgəsi istiqamətində yola çıxıblar
Siyəzən, 26 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 26-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Lənkəran-Masallı-Astara marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, cənub bölgəsinə ekskursiyada Siyəzən, Şabran və Xızı rayonlarının 120 nəfər yuxarı sinif şagirdi iştirak edir.
Siyəzən şəhərindən yola çıxan tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Məktəblilərin ekskursiya yola salınması mərasimində rayon icra hakimiyyəti başçısının müavini Zəfər Əliyev Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri martın 26-dan 29-dək cənub bölgəsinə səyahət zamanı Lənkəran, Masallı, Astara rayonlarının tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Qeyd edilib ki, budəfəki tur-aksiyada altı istiqamət üzrə 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3 min 393 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 20 mindən çox olacaq.
Tur-aksiyada iştirak edən məktəblilər onlara belə bir imkan yaradan dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra məktəblilər xüsusi avtobusla ekskursiyaya yola salınıblar.
Tur-aksiya iştirakçılarının təntənəli yolasalma mərasimləri Şabran və Xızı rayonlarında da təşkil olunub.