Siqareti tərgidənlər üçün piylənmə qorxusu yoxdur
Bakı, 20 avqust, AZƏRTAC
Siqareti tərgitmək istəyənləri “Siqareti necə tərgitməli və kökəlməməli” sualı narahat edir. Bu məsələ, xüsusən, bədən quruluşunun qayğısına kişilərdən çox qalan qadınları narahat edir. Məhz artıq çəki yığmaq qorxusu çox vaxt siqaret çəkənləri onu tərgitmək qərarından çəkindirir. Amma nikotindən asılı adamların çoxu üçün kökəlmək qorxusu yoxdur. AZƏRTAC “ Zee News”a istinadla xəbər verir ki, Milton S.Herşi Tibb Mərkəzinin (Pensilvaniya, ABŞ) alimləri bu qənaətə gəliblər.
Mütəxəssislər siqaretdən imtina edən 12 min adamın çəkisi barədə məlumatları təhlil ediblər. Tədqiqat zamanı məlum olub ki, gündə 15 və daha az siqaret çəkənlər onu tərgidəndən sonra çəki problemi ilə üzləşməyiblər. Siqareti tərgitmək istəyən və istəməyən könüllülərin çəkisi 10 il sonra demək olar ki, fərqlənməyib.
Amma gündə 25-dən çox siqaret çəkən və kökəlməyə meyilli adamlar müəyyən fəsadlarla üzləşiblər. Məsələn, onlar siqaretdən imtina edəndən sonra, orta hesabla, 7-10 kiloqram kökəliblər.