Şirkət nümayəndəsi: Bu gün qazma menecerləri fəaliyyətləri zamanı bir sıra ciddi çağırışlarla üzləşirlər
Bakı, 1 İyun, AZƏRTAC
Bu gün qazma menecerləri fəaliyyətləri zamanı bir sıra ciddi çağırışlarla üzləşirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Asiya regionu üzrə rəqəmsal qazma həlləri biznes meneceri, SLB şirkətinin nümayəndəsi Hatem Aboşrida Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” çərçivəsində təşkil olunan “Ağıllı istehsal: Süni intellekt, ağıllı qazma və təhlükəsiz məhsul sahələrinin istiqaməti” mövzusunda panel müzakirəsində deyib.
Onun sözlərinə görə, idarəetmə proseslərində baş verən dəyişikliklər müəyyən məhdudiyyətlər yaratsa da, rəqəmsal texnologiyaların tətbiqi bu çətinliklərin aradan qaldırılmasına imkan verir: “Elektron qazma planlarının hazırlanması və onların avtonom sistemlərə inteqrasiyası qazma əməliyyatlarının daha səmərəli idarə olunmasını təmin edir. Bu proses bütün əsas elementləri özündə birləşdirərək qərarların daha operativ qəbul edilməsinə şərait yaradır”.
Hatem Aboşrida qeyd edib ki, qazma mühəndisləri ilə birgə planların icrası zamanı müxtəlif çağırışlar və risklər meydana çıxır: “Lakin bu risklər növbəti mərhələlər üçün qiymətli öyrənmə mənbəyi rolunu oynayır və davamlı təkmilləşmə prosesinə töhfə verir. Məhz bu yanaşma əməliyyatların daha təhlükəsiz və məhsuldar şəkildə həyata keçirilməsinə imkan yaradır”.
O bildirib ki, müasir dövrdə “mükəmməl qazma” anlayışı süni intellekt, avtomatlaşdırma və məlumatların real vaxt rejimində təhlili ilə sıx bağlıdır: “Bu istiqamətdə əsas məqsədlərdən biri xərclərin nəzarətdə saxlanılması, əməliyyat səmərəliliyinin artırılması və insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsidir”.
Paneldə vurğulanıb ki, rəqəmsal platformalar və süni intellekt əsaslı həllər qazma proseslərinin optimallaşdırılmasında mühüm rol oynayır: “Tam avtomatlaşdırılmış və avtonom sistemlərin tətbiqi artıq dərin dəniz layihələrində də özünü doğruldur. Bu texnologiyalar təxminən 1800 metr dərinlikdə həyata keçirilən qazma əməliyyatlarının daha dəqiq, təhlükəsiz və fasiləsiz icrasına imkan verir. Gələcəkdə isə ağıllı qazma sistemlərinin daha geniş tətbiqi enerji sektorunda məhsuldarlığın artırılmasına və əməliyyat xərclərinin azaldılmasına əhəmiyyətli töhfə verəcək”.