ŞİRVAN MİLLİ PARKI VƏ ONUN ƏTRAF ZONASININ LANDŞAFT PLANLAŞDIRILMASI” LAYİHƏSİ BAŞA ÇATMIŞDIR
Tbilisidə Cənubi Qafqaz regionunda landşaft planlaşdırılması layihəsinin təqdimatı olacaqdır.
AZƏRTAC xəbər verir ki, Almaniyanın Təbiəti Mühafizə Cəmiyyətinin təşəbbüsü ilə keçirilən mərasimdə Ekologya və Təbii Sərvətlər, İqtisadi İnkişaf və Kənd Təssərrüfatı nazirliklərinin, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri də iştirak edəcəklər.
Tədbirdə Şirvan Milli Parkı və onun ətraf zonasının landşaft planlaşdırılması əsas müzakirə mövzularından olacaqdır.
Xatırladaq ki, “Şirvan Milli Parkı və onun ətraf zonasının landşaft planlaşdırılması” layihəsi üzərində iş başa çatmışdır. Layihəni Almaniyanın Təbiəti Mühafizə Cəmiyyətinin maliyyə dəstəyi ilə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu hazırlamışdır. Məqsəd təbiəti mühafizə ilə əhali və mövcud infrastruktur arasındakı problemləri müəyyənləşdirib həll etmək, təbiətin qorunmasını əsas tutmaq və landşaftın estetik xüsusiyyətlərini gözləməklə regionun gələcək sosial-iqtisadi inkişafını təmin etməkdir.
Layihənin icrasına ötən ilin martından başlanmışdır. Regionun landşaft planlaşdırılması ilə bağlı 32 xəritə, 22 təklif hazırlanmışdır.
Bu, pilot layihədir. Əgər gözlənilən nəticə əldə olunarsa, o zaman layihə Azərbaycanın digər landşaft vahidləri və ayrı-ayrı coğrafi regionlarında da tətbiq olunacaqdır.