Şirvan şəhərinin nümayəndə heyəti Türkiyədə beynəlxalq festivalda






Şirvan, 29 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Bu günlərdə Türkiyənin Manisa şəhərində keçirilən 485-ci Beynəlxalq Mesir Macunu Festivalında ölkəmizi Şirvan şəhərinin nümayəndə heyəti təmsil edib.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin Manisa valisi Vahdettin Özkan və Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyreklə görüşü olub. Bu görüşlərdə ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanıb, qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Şirvan və Manisa şəhərləri arasında 2023-cü ilin 8 sentyabrında “Qardaşlıq və dostluq protokolu” imzalanıb. Bununla da hər iki şəhər arasında qarşılıqlı səfərlər, təcrübə mübadiləsi, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.