REGİONLAR
Şirvanda Beynəlxalq Əlillər Günü “Biz birlikdə güclüyük!” adlı tədbirlə qeyd edilib
![](/files/galleryphoto/2023/3/1200x630/17014223432411336580_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17014223434710251914_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17014223431023949881_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17014223436376346657_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/170142234339931925_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17014223431245036460_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17014223432681213851_1200x630.jpg)
Şirvan, 1 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Reabilitasiya Mərkəzi publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı tədbir keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, əlillərin təhsilə, əmək fəaliyyətinə cəlb olunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən silsilə tədbirlər görülür, bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən danışıb və əlilliyi olan şəxslərin inklüziv cəmiyyətdə yaşamasının önəmli faktor olduğunu bildirib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Nabat Abdulova son illər reabilitasiya xidmətləri sahəsində görülən işlər barədə çıxış edib, reabilitasiya infrastrukturunun genişləndirilməsi, gələcək hədəflər barədə məlumat verib.
Tədbirdə Şirvan Şəhər Musiqi Məktəbinin kollektivi və əlilliyi olan şəxslərin birgə musiqili ifaları və rəqs nömrələri, əl işləri təqdim edilib.