Şist qazı quyuların özünü diaqnostika etməsinə təxminən 80 faizə qədər imkan yaradır
Bakı, 1 İyun, AZƏRTAC
Şist qazı quyuların özünü diaqnostika etməsinə təxminən 80 faizə qədər imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə Süni intellekt tətbiqləri üzrə məsləhətçi "Linkin Digital Technology Co. Ltd" şirkətinin nümayəndəsi Fan Ronq Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” çərçivəsində təşkil olunan “Ağıllı istehsal: Süni intellekt, ağıllı qazma və təhlükəsiz məhsul sahələrinin istiqaməti” mövzusunda panel müzakirəsində məlumat verib.
Onun sözlərinə görə, şəhərlərin qaz təchizatı və təhlükəsizlik təftişi sahələrində rəqəmsal modellərin tətbiqi idarəetmə proseslərinin daha səmərəli qurulmasına imkan verib: “Yanacaqdoldurma stansiyalarının yerləşdirilməsi və idarə olunması üzrə hazırlanmış rəqəmsal həllər resurslardan daha optimal istifadəni təmin edib. Bu texnologiyalar işçi qüvvəsinə olan tələbatın təxminən 40 faiz azalmasına şərait yaradıb, eyni zamanda əməliyyatların dəqiqliyini və etibarlılığını artırıb”.
Fan Ronq qeyd edib ki, tətbiq edilən həllər sayəsində itkilərin minimuma endirilməsi istiqamətində mühüm nəticələr əldə olunub və bu, milyonlarla kubmetr qazın qənaət edilməsinə imkan verir. O vurğulayıb ki, gələcəkdə informasiya texnologiyaları infrastrukturu ilə yanaşı, dərin inteqrasiya olunmuş rəqəmsal arxitekturanın qurulması da xüsusi əhəmiyyət daşıyacaq.
Nümayəndə əlavə edib ki, onların şirkəti artıq fəaliyyətini tamamilə süni intellekt yanaşmaları üzərində qurur: “Təkcə təqdim olunan xidmətlər deyil, şirkətin daxili idarəetmə və inkişaf prosesləri də süni zəka texnologiyalarına əsaslanır. Bütün yeni modifikasiyalar və texnoloji yeniliklər süni intellekt imkanlarından istifadə edilməklə hazırlanır ki, bu da innovasiyaların daha sürətli tətbiqinə şərait yaradır”.