Siyəzəndə reyd zamanı avtomobillərində qanunsuz dəyişiklik edən sürücülər aşkarlanıb
Siyəzən, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən avtomobillərində qanunsuz dəyişiklik edən şəxslərə qarşı reyd keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən, məsuliyyətdən yayınmaq üçün dövlət qeydiyyat nişanını rəngləyən, sürücülük hüququ olmadan avtomobil idarə edən və sərxoş halda hərəkətdə olan sürücülərə qarşı nəzarət-profilaktiki tədbir keçirilib. Bəzi nəqliyyat vasitələrinin saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.
Polis əməkdaşları qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar.