“Smart Customs” ilin mobil tətbiqi olub
Bakı, 20 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi (DGK) “NETTY-2021” Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, dekabrın 18-də “NETTY-2021” Azərbaycanın Milli internet mükafatının 16-cı mükafatlandırma mərasimi baş tutub. “NETTY” akademikləri cari ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqramlar arasında ən yaxşılarını seçiblər. Bu il keçirilən müsabiqədə DGK-nin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi “Smart Customs” tətbiqi layihəsi ilə iştirak edib.
Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və IT layihələr seçilib. “Dövlət və Cəmiyyət” nominasiyası üzrə Komitənin “Smart Customs” layihəsi “NETTY-2021” Azərbaycan Milli İnternet Mükafatında ilin mobil tətbiqi olub.
Xatırladaq ki, yanvarın 1-dən təkmilləşdirilmiş “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” (Smart Customs) layihəsinin tətbiqinə başlanılıb.
Bu layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradıb.
Qeyd edək ki, 2004-cü ildə təsis edilən, 2005-ci ildən keçirilən “NETTY Azərbaycan Milli İnternet Mükafatı” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə IT bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.