“Smart Start” proqramına seçilən gənclər “Bakcell” şirkətində təcrübəyə başlayıblar
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycanın mobil operatoru olan “Bakcell” şirkətinin təşkil etdiyi “Smart Start” proqramı çərçivəsində seçim prosesindən uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə başlayıblar.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, tələbə və məzunlar üçün nəzərdə tutulan 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri şirkətin iş mühiti ilə tanış etmək, onlara praktiki biliklər vermək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.
Proqramda iştirak etmək üçün 1200 nəfərdən çox gənc müraciət edib və seçim prosesindən müvəffəqiyyətlə keçən 32 nəfər təcrübə proqramında iştirak hüququ qazanıb. İştirakçılar insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakəndə satış və distribusiya şöbələrində təcrübə keçməyə başlayıblar. Onlar arasında "Bakcell" şirkətinin Korporativ Sosial Məsuliyyət proqramının tərəfdaşı olan “SOS” Uşaq Kəndlərindən gələn 3 nəfər də var. “SOS” Uşaq Kəndləri təşkilatı ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində təşkilatın himayəsində olan uşaqlar daim diqqət mərkəzində saxlanılır və “Bakcell” tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlərdə aktiv iştirak edirlər.
“Qeyri-neft sektorunun ən böyük investorlarından olan “Bakcell” cəmiyyətin iqtisadi və sosial həyatında aktiv iştirak edərək Azərbaycan iqtisadiyyatının ən əsas prioritetlərindən olan gənclərin məşğulluğu probleminin həllinə dəstək olmağa çalışır. Azərbaycanın əmək bazarında ən böyük iş təminatçılarından biri olmaqla, biz bütün namizədlər üçün eyni şərait yaradırıq, işə qəbul və seçim proseslərində şəffaflıq prinsiplərinə riayət edirik. Yerli universitetlərlə yanaşı, xaricdə təhsil alan tələbələrin də "Smart Start" vasitəsilə öz vətənlərində təcrübə keçmələri bizi xüsusilə sevindirir. Gənclər müasir iş həyatının tələblərinə cavab verən praktiki biliklərə yiyələnməklə yanaşı, yay tətillərini səmərəli keçirmək üçün lazımi şəraitə malik olmalıdırlar. Onların peşəkar təcrübə üçün “Bakcell”i seçməsindən qürur duyuruq", - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Qeyd edək ki, ötən il “Smart Start” proqramında iştirak edən 22 nəfər gəncdən 6-sı proqramı uğurla başa vuraraq “Bakcell” tərəfindən daimi işlə təmin olunub. Proqramda təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. İştirakçıları bu müddətdə “Bakcell”dən təqaüd alırlar. Sonda gənclər proqramda iştirak ilə bağlı sənədlə təmin olunurlar.