“SOCAR Turkey” dənizin çirklənməsinə qarşı mübarizəni genişləndirir
Bakı, 29 mart, AZƏRTAC
“SOCAR Turkey” Əliağa və Nəmrud körfəzində dənizin mümkün çirklənməsinə qarşı mübarizə potensialını artıraraq bölgədə müdafiə səddi yaradıb. “SOCAR Turkey”in Emal və Neft-Kimya bölməsinin sahilboyu strukturlarında yaratdığı Dənizin Çirklənməsinə qarşı Müdaxilə Mərkəzi və 24 saat ərzində növbədə olan “Əliağa Responder” gəmisi sayəsində mümkün çirklənmə hallarının qarşısı dərhal aradan qaldırılır.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Turkey” strateji investisiyaları ilə ölkə iqtisadiyyatına dəyər qatmaqla yanaşı, davamlı olaraq ətraf mühit və sosial məsuliyyət layihələri həyata keçirir. Ətraf mühitin mühafizəsini, əməyin təhlükəsizliyini və insanların sağlamlığını daim diqqət mərkəzində saxlayan “SOCAR Turkey” Egey bölgəsinin investisiya və ticarət mərkəzi olan Əliağa körfəzində dənizin çirklənməsinə qarşı etibarlı müdafiə səddi yaradıb. Bu istiqamətdə səfərbər olunan komandası və avadanlığı ilə ən yüksək potensiala malik “SOCAR Turkey” bölgədə hər hansı bir səbəbdən yarana biləcək çirklənmənin qarşısını dərhal almaq üçün “Əliağa Responder” gəmisini 24 saat hazır vəziyyətdə saxlayır.
“SOCAR Turkey”in Baş icraçı direktorunun SETEM üzrə müşaviri Koray Koyuncu deyib: “İzmirin Əliağa bölgəsində çox böyük investisiyalara imza atan qrupumuz gələcək nəsillərə təmiz bir dünya qoymağı hədəfləyərək fəaliyyətini davam etdirir. Bu çərçivədə dənizlərimizi qorumaq, mümkün çirklənmə hallarına qarşı təcili tədbirlər görmək üçün Əliağada emal, neft-kimya və anbar sahələrində fəaliyyət göstərən şirkətlərimizin hamısına və sahilboyu qonşularımıza 7/24 xidmət göstərmək potensialına malik peşəkar bir komandanı, eyni zamanda, müasir avadanlıqlarla təchiz olunmuş “Əliağa Responder” gəmisini daim hazır vəziyyətdə saxlayırıq. Gəmi bölgədə meydana çıxa biləcək hər hansı bir problemə qarşı hər an köməyə hazır vəziyyətdədir”.
“Əliağa Responder” təcili müdaxilə gəmisinin saatda 40 kubmetr neftyığma qabiliyyətinə malik olduğunu qeyd edən K.Koyuncu əlavə edib: “35 metr uzunluğunda olan gəmi həm də dənizdə neftin yayılmasına müdaxilə edə biləcək əlavə süpürmə qollarına malikdir. Gəminin daim növbədə olması mümkün dəniz çirklənmələri ilə mübarizədə bölgə üçün mühüm əhəmiyyət daşıyır”.
Qeyd edək ki, Türkiyədə tullantıların həcminə görə üç səviyyə müəyyən edilib. Birinci və ikinci səviyyələrə aid tullantılar şirkətlər tərəfindən aradan qaldırılır. Üçüncü səviyyədə (çirklənmə həddi yuxarı olduqda) dövlət müdaxilə edir. Bu baxımdan “SOCAR Turkey” kimi dənizdə ticarət aparan və tullantı riski daşıyan şirkətlərin hamısı həm daxili, həm də kənar vasitələr hesabına təcili müdaxilə xidməti yaradır. “SOCAR Turkey” Əliağada böyük investisiyalara malik olduğuna görə müvafiq risklərin daha effektli idarə olunması məqsədi ilə daimi icarəyə götürdüyü “Əliağa Responder” gəmisindən istifadə edir.