CƏMİYYƏT
SOCAR və tərəfdaşları Qaradağda meşə massivinin salınmasına başlayıblar YENİLƏNİB
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Bakının Qaradağ rayonunda yerləşən SOCAR-ın Tullantıların İdarə Edilməsi Mərkəzində (TİEM) SOCAR, BP və BMT-nin İnkişaf Proqramının (BMT İP) yeni birgə layihəsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihəyə əsasən, uzun illərdir sənaye zonası olan, neft sənaye mərkəzi kimi formalaşmış ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə 25 hektar ərazidə yeni meşə massivi salınacaq.
Tədbir iştirakçıları əvvəlcə ərazidə yerləşən Tullantıların İdarə Edilməsi Mərkəzinin işi ilə tanış olublar. Mərkəz barədə qonaqlara ətraflı məlumat verən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə qeyd edib ki, mərkəz MDB və Xəzər regionunda neft sənayesində formalaşan istehsalat tullantılarının emalı, idarə edilməsi üzrə ilk və yeganə mərkəzdir. 2016-cı ildə TİEM yenidən qurulduqdan sonra burada qazma şlamlarının emalına başlanılıb.
Bildirilib ki, hazırda 150 nəfər əməkdaşı olan mərkəzin illik istehsal gücü 100 min tondur. Emaldan sonra qazma şlamının tərkibində olan qiymətli kimyəvi reagent yüksək keyfiyyətdə bərpa olunaraq təkrar qazma prosesində istifadə edilir. Həmçinin ərazidə quraşdırılmış sutəmizləyici qurğular vasitəsilə mərkəzdə formalaşan istehsalat suları texniki su səviyyəsinədək təmizlənərək salınacaq yaşıllıqların suvarılmasında istifadə olunacaq. Qonaqlara yeni meşə massivinin layihəsi haqqında məlumat verilib.
Sonda ərazidə tədbir iştirakçıları tərəfindən 400 Eldar şamı əkilib. Ümumilikdə isə SOCAR, BP və BMT İP-in dəstəyi ilə mərkəzin ətrafında 30 min ağac və kol bitkilərinin əkilməsi nəzərdə tutulur.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT İnkişaf Proqramının Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və layihə rəhbəri R.Hüseynzadə iştirak ediblər.