REGİONLAR
Son on ildə Astarada 28 yeni məktəb binası istifadəyə verilib
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova bildirdi ki, son on ildə rayonda 28 yeni məktəb binası tikilərək istifadəyə verilib, 11 təhsil ocağı isə əsaslı təmir olunub. 2013-2014-cü tədris ilində Şüvi kənd tam orta məktəbi üçün 480, Siyəkü, Vaqo, Hamoşam və Telman kənd tam orta məktəbləri üçün 360, Asxananakəran, Şağlazüzə və Motlayataq kənd tam orta məktəbləri üçün 220 şagird yerlik məktəb binalı tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Tikintisi davam etdirilən 220 şagird yerlik Suparibağ kənd tam orta, Amboba və Əzərüd kənd ibtidai məktəbləri üçün inşa edilən binalar isə yeni dərs ilində istifadəyə veriləcək.
Bildirildi ki, bu il məzunlardan 164 nəfəri ölkənin ali məktəblərinə daxil olub. Tələbə adını qazanan gənclərdən 5 nəfəri 600, 14 nəfəri 500-dən yuxarı bal toplayıb. Məzunlardan ən yüksək nəticəni Kijabə qəsəbə tam orta məktəbinin yetirməsi Fuad Quliyev qazanıb. O, qəbul imtahanında 681 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.
Tədbirdə çıxış edənlər 2013-2014-cü dərs ilində qazanılmış uğurlardan danışdılar, işdə yol verilmiş nöqsanları ətraflı təhlil edərək mövcud problemlərlə bağlı rəy və təkliflərini bildirdilər.
Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edildi.
Konfrans işini bölmə iclaslarında davam etdirdi.