REGİONLAR
Şosse velosipedi üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 30 aprel, AZƏRTAC
Gənclər arasında keçirilən şosse velosipedi üzrə muxtar respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən yarış Uzunoba gölünün ətrafında - 4500 metrlik məsafədə baş tutub.
Muxtar respublikanın şəhər (rayon) birinciliklərində ilk üçlüyə düşən velosipedçilərin qatıldığı, 24 idmançının qələbə uğrunda mübarizə apardığı yarışda Şərur velosipedçilərindən Nicat Bayramov təyin olunan məsafəni hər kəsdən tez qət edərək finişə birinci, rayonun digər təmsilçisi Elvin Rzayev isə ikinci çatıb. İlk üçlüyü tamamlayan Naxçıvan şəhərindən olan Sadiq Cəfərov olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışın sonunda qaliblərə, həmçinin fərqlənən idmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.