STALİNQRAD VURUŞMASINDAKI BÖYÜK QƏLƏBƏ HEÇ VAXT UNUDULMAYACAQ
İkinci Dünya müharibəsində alman faşizminə və onun müttəfiqlərinə qarşı mübarizə tarixinə şanlı səhifələr kimi daxil olmuş döyüşlərdən ən möhtəşəmi müharibənin gedişində əsaslı dönüşün başlanğıcını qoymuş Stalinqrad vuruşmasıdır.
1942-ci il iyulun 17-dən 1943-cü il fevralın 2-dək davam edən müdafiə və hücum əməliyyatları düşmənin ağır məğlubiyyəti ilə başa çatmışdır.
Stalinqrad vuruşmasında azərbaycanlı döyüşçülər də qəhrəmanlıq nümunələri göstərmiş, Həzi Aslanovun komandir olduğu 55-ci əlahiddə tank polku xüsusilə fərqlənmişdi. Bu vuruşmadakı rəşadətinə görə H.Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Azərbaycandan olan minlərlə əsgər və zabit isə orden və medallarla təltif olunmuşdu.
Böyük qələbənin 60 illiyi münasibətilə bu günlərdə Volqoqradda təntənəli tədbirlər keçirilir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təntənələrdə iştirak edəcəkdir. Fevralın 2-də burada Stalinqrad vuruşmasının 60 illiyinə həsr edilmiş təntənəli yığıncaq keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yığıncaq iştirakçılarına təbrik göndərmişdir.