Startap müəllifləri Naxçıvan Dövlət Universitetində təqdimatla çıxış ediblər
Naxçıvan, 2 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları ilə birgə startap layihələrin müzakirəsi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Bildirib ki, müvafiq sərəncamın məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.
Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxışında qeyd edib ki, sərəncamın icrası məqsədilə artıq nazirlik və müvafiq təşkilatların təklifləri əsasında startap layihələrinə nəzarət mexanizmini asanlaşdıran internet portalının layihəsi hazırlanıb və baxılmaq üçün təqdim olunub. Portalın yaradılmasında əsas məqsəd layihələri birləşdirib yaxşı ideya müəllifini ortaya çıxarmaqdır.
Nazir diqqətə çatdırıb ki, hami təşkilatlara birbaşa müraciət etmək fürsəti portalın imkanlarını daha səmərəli edəcək və aparılan müzakirələrin sonunda ən yaxşı ideya müəllifi seçiləcək. Vurğulanıb ki, “İdeyadan biznesə” layihəsini irəli sürən startap müəllifləri mayın 8-də keçiriləcək Azərbaycan milli turunun komandasına seçiləcək, oktyabrda isə ölkə turuna vəsiqə almış olacaqlar.
Sonra nazir layihələri qiymətləndirəcək ekspert qrupunu təqdim edib.
Daha sonra startap müəllifləri təqdimatla çıxış ediblər. 31 layihənin qatıldığı təqdimatda 100-123 arası bal toplayan 15 layihə mayın 8-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.