Statistik vahidlərin sayı 5,5 faiz artıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 5,5 faiz artaraq oktyabrın 1-i vəziyyətinə 163 min 979 olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “İnformasiya və rabitə”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Emal sənayesi”, “Peşə, elmi və texniki fəaliyyət”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Maliyyə və sığorta fəaliyyəti” və “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” sahələrində nəzərəçarpacaq dərəcədədir. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olub. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (30,8 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (18 faiz), “Tikinti” (9,9 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (7,4 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (7 faiz) və “Emal sənayesi” (5,9 faiz) sahələrinin payına düşür. Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (24,7 faiz), İran (11,2 faiz), Rusiya (5,7 faiz), Böyük Britaniya (4,4 faiz), ABŞ (1,7 faiz) və Almaniya (1,3 faiz) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində ləğv edilmiş statistik vahidlərin 28,3 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16,3 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 12,3 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 9,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 5,9 faizi “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 37,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 9,9 faizi “Tikinti”, 8,9 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,5 faizi “Emal sənayesi”, 5,1 faizi “Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində yeni yaradılmış statistik vahidlərin 98,7 faizi xüsusi mülkiyyətli (o cümlədən 7,1 faizi tam xarici investisiyalı, 1,6 faizi birgə mülkiyyətli), 1,2 faizi dövlət mülkiyyətli, 0,1 faizi isə bələdiyyə mülkiyyətli müəssisələrin payına düşür. Qeydiyyatda olan statistik vahidlərin 61,4 faizi Bakıda yerləşib.
Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 80,7 faizi Bakıda, 6,4 faizi Abşeron-Xızı, 2 faizi Gəncə-Daşkəsən, 1,9 faizi Lənkəran-Astara, 1,5 faizi Şəki-Zaqatala, hər birində 1,3 faizi olmaqla Qarabağ və Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (7,1 faiz), Abşeron-Xızı iqtisadi rayonunda (5,2 faiz), Gəncə-Daşkəsən iqtisadi rayonunda (3,5 faiz), Şərqi Zəngəzur iqtisadi rayonunda (3 faiz), Qarabağ və Şəki-Zaqatala iqtisadi rayonlarında (hər birində 2,5 faiz), Qazax-Tovuz iqtisadi rayonunda (2,3 faiz), Lənkəran-Astara və Mərkəzi Aran iqtisadi rayonlarında (hər birində 2,2 faiz) daha fəal olub. Bu dövrdə Bakı şəhəri üzrə 166, Lənkəran-Astara iqtisadi rayonu üzrə 47, Abşeron-Xızı iqtisadi rayonu üzrə 36, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 26, Mərkəzi Aran iqtisadi rayonu üzrə 19, Şəki-Zaqatala və Şirvan-Salyan iqtisadi rayonlarının hər biri üzrə 18, Naxçıvan Muxtar Respublikası üzrə 17, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 10, Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonlarının hər biri üzrə 5, Mil-Muğan iqtisadi rayonu üzrə 4, Qazax-Tovuz iqtisadi rayonu üzrə 3 statistik vahid ləğv edilib. 2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında müəyyən edilib.