Stokholmda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
Stokholm, 19 yanvar, Nərgiz Cəfərli, АZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına çevrilmiş 20 Yanvar faciəsi İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən Qarabağ Həftəsonu məktəbində dərin ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində məktəbin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak ediblər. Tədbir iştirakçıları 1990-cı ilin yanvarında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tədbirin davamında məktəbin ana dili müəllimi, yazıçı Eluca Atalı 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib.
“Vətənin işğalına və xalqın azadlıq istəyinin boğulmasına razı olmayan Azərbaycanın oğul və qızları silahsız halda düşmən tanklarının qarşısına çıxaraq sinələrini sipər ediblər. Bu fədakarlıq xalqımızın qəhrəmanlıq salnaməsində əbədi iz qoyub”, – deyə o bildirib.
Çıxış zamanı uşaqlara 20 Yanvar şəhidlərinin xatirəsinin daim yaşadılmasının vacibliyi, tarixin unudulmasının isə gələcək nəsillər üçün böyük təhlükə olduğu xüsusi olaraq vurğulanıb.
Anım tədbirinin əsas məqsədi gənc nəslə 20 Yanvar faciəsinin tarixi mahiyyətini, Azərbaycan xalqının azadlıq mübarizəsində tutduğu yeri və əhəmiyyətini çatdırmaq olub.