STRESS İLƏ UŞAQ İMMUN SİSTEMİ ARASINDA ƏLAQƏ AŞKAR EDİLMİŞDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “New Scientist” jurnalı Roçester universitetində aparılmış araşdırmaların nəticələrini dərc etmişdir. Bu araşdırmalar sinir sistemi pozulmuş və depressiyalı valideynlər ilə onların uşaqlarının xəstələnmə səviyyəsi arasında müəyyən asılılıq olduğunu göstərmişdir.
Çoxdan məlumdur ki, streslər insanın immun sistemində dəyişikliklərə səbəb olur, nəticədə insan kəskin infeksiyalara və başqa xəstəliklərə daha çox məruz qalır. Lakin yeni tədqiqat nəticəsində ilk dəfə sübut edilmişdir ki, bu problem valideynlərdən uşaqlara keçir.
Doktor Meri Kasertin başçılıq etdiyi tədqiqatçılar qrupu 3 il ərzində 169 uşaq üzərində müşahidələr aparmışdır. Bu uşaqların valideynləri onların xəstəlikləri barədə qeydiyyat aparır, sonra psixiatrlar həmin uşaqlarla işləyirdi. Valideynlərinin “emosional stress” səviyyəsi yüksək olan uşaqlarda xəstələnmə hallarının ümumi sayı xeyli yüksək olmuşdur.
Bristol universitetinin əməkdaşı, stress və sağlamlıq problemləri ilə məşğul olan doktor Devid Cessopun fikrincə, həm stressin təsirini, həm də stressdən sonra uşağın bərpa dövrünü öyrənmək üçün uzunmüddətli tədqiqatların aparılması zəruri idi.