Su hövzələrində təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib
Bakı, 1 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Bakı Regional Mərkəzi paytaxtın Xəzər Rayon İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xəzər rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq yerli icra orqanlarının rəhbərləri ilə müzakirə edilib, müvafiq məlumatlar aidiyyəti qurumların əməkdaşlarının diqqətinə çatdırılıb.
Toplantıda çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı iştirakçılara geniş məlumat veriblər.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış Qaydaları”na dair videoçarx nümayiş olunub.
Müşavirədə Xəzər Rayon İcra Hakimiyyəti və yerli icra nümayəndəliklərinin, eyni zamanda, bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölməsinin, yerli Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri iştirak ediblər.