Su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib
Bakı, 17 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhər ərazisində su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir paytaxtın Binəqədi rayonu ərazisində keçirilib. Reyd zamanı Xocasən qəsəbəsinin iki sakini cərimələnib. Ətrafa çirkab suları axıtdığına görə Azər Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması), texniki suları kənara təyinatsız axıtdığına görə isə Elimxan İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 262-ci (Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması) maddələri ilə protokollar tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.