Sülh Əsgərlərinin Beynəlxalq Günü qeyd edilib
Bakı, 1 iyun, AZƏRTAC
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Cenevrədə Sülh Əsgərləri Beynəlxalq Assosiasiyasının həyata keçirdiyi Sülh Əsgərlərinin Beynəlxalq Günü tədbirinə qatılıb.
AZƏRTAC xəbər verir ki, mayın 31-də BMT-nin Cenevrə bölməsində Millətlər Sarayında təşkilatın baş katibinin iştirakı ilə keçirilmiş tədbirdə BMT rəsmiləri, müxtəlif ölkələrin İsveçrədəki səfirləri, daimi missiyaların nümayəndələri, jurnalistlər, QHT üzvləri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd müxtəlif nümayəndə heyətlərini bir araya gətirməklə beynəlxalq sülhün qorunmasına, xalqlar arasında münasibətlərin qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurulmasına dəstək olmaqdır.
İştirakçılar Sülh Əsgərləri Beynəlxalq Assosiasiyasının təqdimatı ilə tanış olub, təşkilatın fəaliyyəti və həyata keçirdiyi sülhyönümlü layihələr çərçivəsində gördüyü işlər barədə qonaqlara məlumat verilib. Sonra iştirakçılar beynəlxalq sülhün təbliği və təşviqi istiqamətində müxtəlif təqdimatlarla tanış edilib, mühazirələr dinləyib, fikir mübadiləsi aparıblar.
Tədbirdə iştirak edən müxtəlif nümayəndə heyətləri Nobel sülh mükafatı yubiley və sülh xatirə medalları ilə təltif ediliblər. Sülh Əsgərlərinin Beynəlxalq Günü tədbirində Azərbaycanı təmsil edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Nobel sülh mükafatı yubiley medalı ilə təltif edilib.
Beynəlxalq Sülh Əsgərləri Assosiasiyası bu tədbiri 2003-cü ildən BMT ilə birgə əməkdaşlıq çərçivəsində keçirir.