Sumqayıt Dövlət Universitetində payız semestrinin imtahan sessiyası başlayıb
Sumqayıt, 5 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Universitetində sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. İmtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə qərargah və “Qaynar xətt” yaradılıb. Həmçinin tədris binalarında müraciət və təklif qutuları asılıb.
Hər il olduğu kimi, bu il də universitetlərdə imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub.