Sumqayıt şəhər statusu almasının 73-cü ildönümünü qeyd edir
Bakı, 22 noyabr, AZƏRTAC
Sumqayıt şəhər statusu almasının 73-cü ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, Sumqayıta 1949-cu ildə şəhər statusu verilib.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə birinci dəfə siyasi hakimiyyətdə olduğu illərdə şəhər inkişaf mərhələsinin çiçəklənmə mərhələsini yaşayıb. Bu gün şəhərsalma prinsiplərinin ən müasir modelinə çevrilən Sumqayıt geniş infrastrukturu ilə bərabər, müasir standartlara cavab verən sənaye müəssisələri ilə inkişafının yeni mərhələsinə qədəm qoyub.
Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dəfədən artıq Sumqayıtda olması, yeni sənaye müəssisələri və sosial obyektlərin açılışında şəxsən iştirak etməsi Sumqayıta daimi diqqət və qayğının göstəricisidir.
Şəhərdə bugünkü sənaye infrastrukturu müasir çağırışlara cavab verir. Yüz hektarla ölçülən ərazidə sənaye parkları yaradılıb - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında 20 zavod fəaliyyət göstərir və əlavə 7 zavod yəqin ki, gələn il fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Onların arasında dövlət xətti ilə tikilmiş “SOCAR Polymer”, karbamid və digər zavodlar var. Bunlar Sumqayıtı Cənubi Qafqazın ikinci sənaye şəhərinə çevirən amillərdəndir.
Prezident 3 il əvvəl şəhərin 70 illik yubileyində iştirak edərkən Sumqayıtda görülən çoxşaxəli işlərdən bəzilərini bu cür xatırladırdı: “Sumqayıtın problemlərinin həlli istiqamətində böyük işlər görülüb. İlk növbədə, infrastruktur müasirləşdirilməli idi. Bu məqsədlə hələ 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyası istifadəyə verildi, böyük vəsait xərcləndi. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıbdır. İçməli su problemi həllini tapıbdır. Şəhərdaxili yollar yenidən tikilir, abadlaşdırılır, təmir olunur”.
Sosial infrastrukturun yeniləşməsi fonunda uşaq bağçaları, məktəblər, dövlət və özəl səhiyyə müəssisələri tikilir, yaxud əsaslı təmir olunaraq istifadəyə verilir.
Parklar abadlaşdırılır, yeni parklar, bağlar salınır. Bu sırada son 5 ildə salınan, uzunluğu 5,2 kilometr olan və ümumilikdə 150 hektar ərazini əhatə edən Sumqayıt bulvarı dəniz sahilindəki şəhərə yeni görkəm verib.