Sumqayıt şəhərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb
Sumqayıt, 11 avqust, Ə.Rzayeva, AZƏRTAC
COVID-19 virusuna yoluxma hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Şəhər ərazisindəki küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində, yaşayış binalarında və insanların daha çox istifadə etdiyi məkanlarda dezinfeksiya işləri həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri xüsusi məhlullarla dezinfeksiya edilib. Sumqayıt şəhərində tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər bir müddət öncə Azərbaycanda gündəlik yoluxma 100-200 idisə, son günlərdə 1000-i ötüb.
Mütəxəssislər karantin rejiminin yumşaldılması və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışının, şənlik mərasimlərinə icazənin, tətil mövsümü ilə əlaqədar olaraq xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.
Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.