Sumqayıtda “Bayrağımız milli dəyərimizdir!” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Sumqayıt, 7 noyabr (AZƏRTAC). Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız milli dəyərimizdir!” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, yaradıcı, istedadlı və fəal gənclərin iştirak etdiyi tədbirdə Heydər Əliyev Mərkəzinin sifarişi ilə hazırlanmış “Bayrağımız milli dəyərimizdir!” qısametrajlı sənədli filmi nümayiş olunmuşdur.
Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı iştirakçılara Dövlət Bayrağı Günü haqqında ətraflı məlumat vermiş, bu günün rəsmi bayram kimi qeyd edilməsinin Prezident İlham Əliyevin təşəbbüsü olduğunu vurğulamışdır. Bildirilmişdir ki, təkcə Bakı şəhərində deyil, respublikanın şəhər və rayonlarında da bayraq meydanları yaradılmışdır və bu, dövlət rəmzlərinin təbliğində mühüm rol oynayır.
“Dəyirmi masa”da çıxış edənlər ümummilli lider Heydər Əliyevin dövlət rəmzlərinin təbliği istiqamətində başladığı işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin ölkənin beynəlxalq imicinin yüksəldilməsində mühüm rol oynadığını diqqətə çatdırmışlar. Son illər Sumqayıtda da dövlət bayrağına sevgi və hörmət hissləri aşılanması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açmışlar.
Sonda tədbir iştirakçılarına masaüstü dövlət bayraqları təqdim edilmişdir.