REGİONLAR
Sumqayıtda “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vurulub
Sumqayıt, 30 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində “Dağlıq Qarabağ abidələri - erməni terroru” internet məkanında layihəsinin son mərhələsinə yekun vurulub. Üç mərhələdən ibarət olan layihə Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, layihənin ilk 2 mərhələsi Xızı və Siyəzən rayonunda keçirilib. Layihənin məqsədi - Qarabağ ərazisində olan və münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatları gənclər arasında təbliğ etmək və informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edərək dünya ictimaiyyətinə çatdırmaqdır.
Tədbirdə layihənin əhəmiyyətindən, tarixboyu ermənilərin vətənimizə qarşı işğal siyasətindən, törədilən vəhşiliklərdən söz açılıb, dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmaması üçün gənclərin maarifləndirməsi və təbliğat işinin sürətləndirilməsinin vacibliyi qeyd edilib.
Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işin ən gözəl nümunəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!" kampaniyasıdır.
Daha sonra erməni işğalı nəticəsində məhv edilmiş və saxtalaşdırılmış mədəni irsimiz haqqında elektron təqdimat edilib, məlumatların paylaşılması, göndərilməsi məqsədilə müvafiq həştaq, beynəlxalq təşkilatların elektron ünvanları iştirakçılara çatdırılıb və maarifləndirici bukletlər paylanılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.