SUMQAYITDA QƏLƏBƏ GÜNÜ QEYD EDİLMİŞDİR
1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə Sumqayıtda ucaldılmış obeliskin açılışı mərasimi olmuşdur.
Dəmir-betondan hazırlanmış və qırmızı qranitlə üzlənmiş 9,4 metr hündürlüyündə yeni abidə milli bayraq formasında hazırlanmışdır. Obeliskin mərkəzindəki səkkizguşəli ulduz Qələbənin rəmzidir. Monumental abidəni tuncdan tökülmüş və dəfnə yarpaqları ilə haşiyələnmiş “Qələbə” ordeni tamamlayır. Əks tərəfdə isə məşhur “Heç kim unudulmur. Heç nə yaddan çıxmır” sözləri həkk edilmişdir. Heydər Əliyev prospektində ucaldılmış obelisklə yanaşı, uzunluğu 80 metr, eni 28 metr olan Qələbə xiyabanı da abadlaşdırılmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 9-da şəhər rəhbərləri, ictimaiyyətin nümayəndələri obeliskin önünə əklil və tər çiçəklər qoydular.
Şəhər Müharibə Veteranları Cəmiyyətinin sədri, Sosialist Əməyi Qəhrəmanı Dadaş Dadaşov mərasimdə çıxış edərək dedi ki, düz 63 il əvvəl sovet xalqı faşist Almaniyası ilə müharibədə möhtəşəm Qələbə qazanmışdır. Ənənəyə görə, hər il müharibə veteranları Qələbə günü görüşüb, o dəhşətli illəri xatırlayırlar. Biz şadıq ki, builki bayramı şəhərin ən gözəl guşəsində qeyd edirik. D.Dadaşov onlara göstərilən diqqət və qayğıya görə Sumqayıt veteranları adından dövlətimizə minnətdarlığını bildirdi.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev Böyük Vətən müharibəsi veteranlarını şanlı Qələbə münasibətilə təbrik edərək dedi ki, 1941-1945-ci illər müharibəsində xalqımızın 600 mindən çox cəsur oğul və qızı qəhrəmanlıq nümunəsi göstərmiş, Qələbəyə doğru uzun yol qət etmişlər. O bildirdi ki, hazırda Sumqayıtda yaşayan 167 müharibə veteranı dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra İkinci dünya müharibəsi veteranlarına əvvəlki xoş münasibət bərpa edilmişdir. Bu günlərdə Prezident İlham Əliyev müharibə veteranlarına və onların ailələrinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalamışdır ki, bu da ulu öndərin dövlətimizin başçısı tərəfindən uğurla həyata keçirilən xəttinin sarsılmaz olduğunu göstərir.
Şəhərin rəhbəri xüsusi vurğulamışdır ki, Sumqayıt veteranları indi də xalqımıza sədaqətlə xidmət edir, böyüməkdə olan nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsi üçün fəal ictimai iş aparırlar. Sumqayıtın hər bir sakini vəziyyətindən asılı olmayaraq Böyük Qələbəyə layiqli töhfə vermiş veteranlara qayğı ilə yanaşmalıdır.
N nömrəli hərbi hissənin hərbi qulluqçuları, habelə respublika məktəbliləri arasında “Cəsurlar” hərbi vətənpərvərlik oyununun qalibləri marş sədaları altında qətiyyətli addımlarla mərasim iştirakçıları qarşısından keçdilər. Sonra veteranların şəhərin rəhbərləri ilə səmimi söhbəti oldu. Veteranlar xoru vətənpərvərlik mövzusunda mahnılar ifa etdi.
“Vilvan” restoranında Böyük Vətən müharibəsi veteranları üçün Qələbə günü münasibətilə bayram naharı verildi.
######
