Sumqayıtda vətəndaşlara sosial təminat hüquqları barədə məlumat verilib
Bakı, 16 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti ictimai dinləməni Sumqayıt şəhərində təşkil edib.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, "İnsan hüquqları aylığı" çərçivəsində təşkil olunan ictimai dinləmədə vətəndaşların sosial təminat hüquqları, onlara təyin olunan sosial ödəniş növləri və bu ödəniş növlərinin təyinat qaydaları barədə məlumat verilib.
Şəhər ictimaiyyəti, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri İradə Rizazadənin və Zülfiyyə Nuriyevanın iştirak etdiyi görüşdə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən də bəhs edilib.
Daha sonra pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.
Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, vətəndaşlarla belə görüşlərin keçirilməsinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.