Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Fevralın 26-da Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Soyqırımının 24-cü ildönümündə, səhər saatlarında şəhər icra hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri Sumqayıtda Şəhidlər xiyabanına gələrək, Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, sonra Sumqayıtın Tarix Muzeyində Xocalıdan olan 25 məcburi köçkün ailəsinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdən sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti adından Xocalıdan olan məcburi köçkün ailələrinə maddi yardım göstərilib.